Tarixi Personaj: Jeanne d’Arc (Janna d’Ark) – 1412-1431

Tarixə olan marağım hesabına qarşıma çıxdıqca bəzi tarixi periodları araşdırıb, onlar haqqında bildiklərimi bir blog məqaləsi daxilində ətraflıca toplayaraq, səni də, əziz oxucum, məlumatlandırmaq istəyirəm. Çünki bildiyin kimi şəxsi inkişaf insanın özünü hər mənada inkişaf etdirməsi, əvvəlcə öz tarixi, daha sonra isə dünya tarixi haqqında müəyyən biliklərə sahib olması zərurətini tələb edir. Öz tariximiz haqqında başqa bir blog məqaləsində görüşəcəyik. Bu günlük biraz Janna d’Arkdan danışaq.

Bu məqaləni hazırlamağa, Janna d’Ark-a aid filmə 2-ci dəfə baxandan sonra qərar verdim. Film youtubeda 2 hissəli şəkildə (rus dilində) mövcuddur. Rahatlıqla axtarışa verib, izləyə bilərsən.

Bu məqalədə bəhs edəcəyim başlıqlar:

  • Janna d’Ark kimdir?
  • Həmin illərdə Fransanın vəziyyəti
  • Janna d’Arkın Fransa tarixində rolu
  • Bu gün Janna d’Ark Fransa üçün kimdir?

 

1.Janna d’Ark kimdir? 

Treaty_of_Troyes.svg

Fransanın milli qəhrəmanı kimi tanınan Janna d’Ark (ləqəbi: “Orlean qızı”), 1412-ci ildə Fransanın şimal-şərqində yerləşən Domeremi kəndində əkinçi ailəsində anadan olub. Janna d’Ark dinə və kilsəyə dərindən bağlılığı, sevgisinə görə yaxınları tərəfindən “Tanrının və Həzrəti Məryəmin xidmətçisi” adlandırılmışdır.

 

 

 

 

2. Həmin illərdə Fransanın vəziyyəti

Fransa ilə İngiltərə arasında 1337-ci ildən başlayaraq 1453-cü ilədək davam edən “Yüz İllik Müharibə” Janna d’Arkın anadan olduğu həmin o ili əhatələndirir. Janna müharibə şəraitində dünyaya göz açmışdır. Müharibənin yaranma səbəbləri və gedişatı başqa bir blog məqaləsinin mövzusudur. Odur ki, o hissələrə toxunmadan, sadəcə bu yazı üçün zəruri olan bəzi məqamları və müharibə zamanı tərəflərin güclü və zəif tərəflərindən bir neçə faktı diqqətinə çatdırmaq istərdim.

Belə ki, 1415-ci ildə Fransa ordusunun İngiltərə kralı V Henri (Henry) tərəfindən məğlub edilməsi, ingilis vassalları olan Dofin və Burqonların ölkədə hakimiyyət dövrünün başlamasına gətirib çıxarmışdı. Bu günə qədər gəlib çatmış qeydlərə görə, Fransa qoşunlarının atlı cəngavər dəstələri çox olsa da, onlar arasında birlik olmayıb. Onlar fərdi qəhrəmanlıq ambisiyası ilə döyüş intizamından uzaq şəkildə vuruşublar. Piyada qoşunlar isə muzdla tutulmuş əcnəbilərdən ibarət imiş və cəngavərlərlə piyada qoşunlar arasındakı münasibət isə cəngavərlərin onlara xor baxması səbəbindən heç də ürək açan olmayıb. Fransızların əksinə ingilislər qoşunları birgə hərəkət edən döyüş intizamına və 600 addım uzaqlığına qədər ox ata bilən çoxlu kəndli piyada qoşunlarına sahib imişlər. Zamanla həm ərzaq, həm də silah-sursatlarının yoxluğundan fransızların ingilislərə qarşı mübarizə apara biləcək gücü tükənməyə başlayıb.

Beləliklə, İngiltərə kralı V Henri (Henry) və Fransa kralı VI Karl (Charles) 1420-ci ildə Trua (Troyes) şəhərində sülh anlaşması imzalayırlar. Bu anlaşmaya əsasən, Fransa İngiltərənin tabeçiliyi altına keçirdi. Çox keçməmiş, hər iki kral dünyasını dəyişir və İngiltərədə 2 aylıq körpə VI Henri kral elan edilir. Ona qəyyumluq edən dayısı hersoq Bedford hakimiyyəti müvəqqəti ələ alır. Fransada hakimiyyətə yeni gələn VII Karl isə İngiltərə ilə yenidən müharibəyə başlayır. İngilislərin cavab zərbəsi fransızların vəziyyətini pisləşdirir. 1428-ci ildə Orlean şəhəri də ingilislər tərəfindən mühasirəyə alınır. Lakin La Louirr çayında suyun səviyyəsinin azalmasını gözləyən ingilislərin bu addımı, Fransanın tam şəkildə işğal edilməməsinə və fransızların döyüşlərə daha yaxşı hazırlaşmaq üçün fürsət tapmaqlarına səbəb olur.

Bunlarla yanaşı, VII Karl tacqoyma mərasimini həyata keçirmək üçün Fransız adət ənənəsinə əsasən Reyms (Reims) şəhərinə getməli idi. Fəqət, Reyms də İngiltərənin işğalı altında idi və VII Karlın Reymsə getməsi və növbəti döyüşlərdə ingilisləri məğlub edə bilməsi imkansız görünürdü.

Əlavə olaraq, Fransa sadəcə ingilislərlə deyil, həm də tərkibindəki Burqundlar qrupu ilə də problemlər yaşayırdı.

Mövcud vəziyyətdə Janna d’Arkın ortaya çıxması həqiqətən də fransızlar üçün möcüzəyə bərabər idi.

 

3. Janna d’Arkın Fransa tarixində rolu

Hər şey Jannanın 12 yaşında qarabasmalar görməsi və Müqəddəs Mikael (Michael), Müqəddəs Katerina (Cahtherine) və Müqəddəs Marqaret (Margaret) ilə təmasa girdiyini bildirməsi ilə başladı. Janna, Müqəddəs Mikael və Müqəddəs Katerinanın ona bir missiya verdiyini və yalnız onun köməyi ilə VII Karlın taxta çıxacağını iddia edir. Ona verilmiş bu missiyanı əvvəlcə gizli saxlayan Janna, sonralar məktublar vasitəsi ilə VII Karl və digər insanlara Tanrının ona verdiyi bu missiyanı yenə Tanrının göstərişi ilə yaymağa başlayır. Bu məqamları filmdə də aydınca əks etdiriblər. Janna d’Ark krala yazdığı məktubda bunları qeyd etmişdi: “Mən Tanrının elçisi Janna d’Arkam. Siz mənə bir ordu verin, mən də sizə Fransanı verim”.

1492504685-8593

VII Karl Jannanın dərhal yanına gəlməsini və onunla tanış olmaq istədiyini bildirir. Krala Jannanın ingilis casusu və ya şeytan ola biləcəyi barədə xəbərdarlıq edirlər, lakin VII Karl itirəcəyi heç bir şey olmadığından xəbərdarlıqlara əhəmiyyət vermir və Jannanı görmək istəyir. VII Karl: “Əgər bu gənc qız dediklərində səmimidirsə, onda o dindarlığı və Fransaya olan sevgisi ilə bütün Avropanı silkələyərək ayağa qaldıra bilər”,- demişdi.

Qeyd: Orta əsrlər Avropasında qadınların cadu vasitəsilə şeytanla əlaqəyə girdiyi barədə təsəvvür formalaşmışdı. Minlərlə qadın bu iftiraların qurbanlarına çevrilərək odda diri-diri yandırılmışdılar.

11 günlük yoldan sonra Janna saraya çatır. VII Karla göndərdiyi məktubda Janna onu tanımamasına baxmayaraq min adamın içindən ayıra biləcəyini qeyd etmişdi. VII Karl insanlar içində gizlənib, kral kimi başqa birini Jannanın qarşısına çıxardır. Lakin Janna həqiqətən də tərəddüdsüz əsl kralı seçə bilir. Bu səhnə filmdə qeyd edilib. Mənim çox bəyəndiyim səhnə idi. Özüm də təəccüb içərisində qalmışdım.

Kral tərəddüd içində olsa da, əvvəlcə Jannanı müşahidə edib, daha sonra haqqında məlumatlar toplayıb, sorğu-sual edərək, Janna haqqında onun reputasiyasına xələl gətirə biləcək heç nə tapmadığından qoşunları komandanlığına verib, onu da baş komandan təyin edir.

Qeyd: Janna kişi geyimi geyinmək üçün isə xüsusi komissiyanın icazəsini almalı olmuşdu.

200px-Joan_of_Arc_miniature_graded

Janna 1 həftəyə Orlean şəhərini geri aldı. Orleanı geri alandan sonra artıq Janna Orlean qızı adlandırılırdı. İndiyə qədər də 8 may günü Orleanda şəhərin ad günü kimi qeyd edilir.

Jannanın komandanlığı altında payızacan bütün ərazilər geyi qaytarılmışdı. İrəlidə bircə Paris qalırdı. Janna kralın tərəddüdlərinin əsassız olduğuna onu inandırmağa çalışırdı. Lakin həmin ərəfədə kral Jannanı gözdən çıxarır. Janna 23 may 1430-cu il tarixində xəyanətkarlıq nəticəsində burqundlulara əsir düşür. Şəhərə girəndən sonra geri çəkilməkçün nəzərdə tutulmuş körpünü kimsə qaldırıbmış. Taxtda oturmasında Jannaya minnətdar olmalı olan kral Jannanı xilas etmək üçün heç nə etmir. Burqundlular isə Jannanı 10 min qızıl livrəyə ingilislərə satır.

Janna d’Arkın rəsmi məhkəməsi bir ildən sonra başlayır. Onu kilsənin mühakimə etməsinə baxmayaraq, ingilislərin türməsində hərbi əsir kimi qandallarda saxlanılırdı. Məhkəməylə bağlı bütün xərcləri ingilislər ödəsə də, cadugərlikdə ittiham edən hakimlər fransız idi. Onlar Jannanın eşitdiyi səslərin İblisin sözləri olduğunu sübuta yetirməyə çalışırdılar. İnkvizisiya da Jannanın bakirəliyini yoxlamışdı ki, bəlkə İblislə cinsi əlaqələrini sübuta yetirə bilər.

Məhkəmə Jannanı “şeytan“ adlandıraraq, onu cadugərlikdə və kişi paltarı geyinməkdə günahlandırdı və ona ağır cəza kəsilməsini tələb etdi. Janna tonqalda yanaraq edam edildi. 704e0576cb700a704de030aff1c4c5a4

Beləliklə, ingilislər öz planlarını həyata keçirib, fransız kralının taxta cadugərin əliylə çıxdığını elan edə bildilər.

 

4. Bu gün Janna d’Ark Fransa üçün kimdir?

1436-cı ildə Bedfordun vəfatından sonra ingilislər uğursuzluq zolağına düşdülər. Bundan istifadə edən VII Karl ingilislərə zərbələr endirərək, onları Fransadan qovmağa başladı. VII Karl yalnız bundan sonra Jannanı xatırladı və onun göstərişi ilə 1455-cı ildə kilsə məhkəməsi işə yenidən baxaraq, Janna d’Arkın günahsız olduğunu elan etdi. 16-cı əsrdə Janna Katolik birliyinin simvolu, 1803-cü ildə isə Napaleon Bonapart tərəfindən Fransanın milli simvoluna çevrildi. 1909-cu ildə kilsə Janna d’Arkı müqəddəslər sırasına daxil etdi.

Janna tarixdə Katolik kilsəsi tərəfindən həm lənətlənən, həm də müqəddəs elan edilən yeganə tarixi personaj olaraq iz qoydu.

46824467132_95e9467ef6_b

 

Əlavə QEYD:

Janna d’Arkın ölmədiyi ilə bağlı bir neçə əfsanə və bəzi faktlar da ortaya çıxıb. Mən o məqamlara toxunub, bu yazımı uzatmaq həm də beyinlərin daha çox qarışmasına səbəb olmaq istəmədiyimdən vurğulamıram. Lakin əgər bu fərziyyələr sənin üçün maraqlıdırsa, əziz oxucu, azərbaycan dilində yazılan digər iki məqalənin linkini aşağıda qeyd edirəm. Buyurub, faydalana bilərsən:

http://olke.az/news/detail/orleanli-bakire-janna-dark-kimdir-frite-doyuscu-yoxsa-kralin-qizi-87571/

https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/4821/janna-dark.html

Əlavə link (ingiliscə): https://www.jeanne-darc.info/biography/

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma